Next meeting of the working group on "Foreign trade and trade tariffs" has been held

18 dekabr 2020-ci il tarixində video-konfrans formatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir. İclası İşçi qrupun rəhbəri-İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov giriş sözü ilə açaraq üzvləri salamlamış və İşçi qrupunun cari ildə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən edilmiş tədbirlərin icrasının ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılmasında və beynəlxalq reytinqlərdə mövqeyin yüksəldilməsində mühüm əhəmiyyətə malik olduğunu xüsusi vurğulamışdır.

Eyni zamanda, iclas gündəliyinə uyğun olaraq İşçi qrupun 2020-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti qurumlar tərəfindən icra vəziyyəti ilə bağlı məlumat verilmiş, daha sonra icrası davam edən tədbirlər haqqında İşçi qrupda təmsil olunan aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müzakirələr aparılmışdır.

Bununla yanaşı, 2020-ci ilin oktyabr-noyabr aylarında xarici ticarət fəaliyyəti iştirakçıları arasında keçirilmiş anket sorğusu zamanı sahibkarlar tərəfindən səsləndirilən və xarici ticarət fəaliyyətinin daha da asanlaşdırlmasını nəzərdə tutan bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılmış, müvafiq təkliflər verilmişdir.

Bundan əlavə, beynəlxalq reytinqlərin aidiyyəti indikatorlarının metodologiyaları üzrə aparılmış təhlillər və üzv qurumlar tərəfindən verilmiş təkliflər əsasında İşçi qrupun 2021-ci il üçün hazırlanmış Fəaliyyət Planının layihəsi müzakirə  edilmiş və İşçi qrup çərçivəsində razılaşdırılmışdır.