“Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib

Oktyabrın 8-də Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəhbərlik etdiyi “Texnologiya və innovasiyalar” İşçi qrupunun növbəti iclası keçirilib. İclasda Komissiya Katibliyinin rəhbərliyi, İşçi qrupun rəhbəri və üzvləri, eyni zamanda özəl sektor nümayəndələri iştirak ediblər.

İclasda “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatının nəticələri, Azərbaycanın İndeks üzrə mövqeyi, metodologiyada edilmiş dəyişikliklər, aidiyyəti indikatorlar üzrə mövcud vəziyyət, eləcə də müvafiq dəyişikliklər də nəzərə alınmaqla işçi qrupun növbəti ilinin Fəaliyyət Planın planlaşdırılması müzakirə olunub.

İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov açılış nitqi ilə çıxış edərək “Qlobal İnnovasiya İndeksi – 2026” hesabatında Azərbaycanın mövqeyinin 9 pillə yaxşılaşaraq 85-ci yerə yüksəldiyini və bunun ölkənin İndeksdə indiyədək qeydə alınmış ən yüksək illik irəliləyiş olduğunu bildirib. O qeyd edib ki, Azərbaycanın “Innovation Input” göstəricisi üzrə mövqeyi 65-ci yerdə olduğundan ölkənin yekun mövqeyi hələ də qaneedici deyildir.

O, bir sıra indikatorlar üzrə məlumatların mövcud olmaması Azərbaycanın real mövqeyinin tam qiymətləndirilməsinə mane olduğunu, həmçinin innovasiya sahəsinin daima və sürətlə inkişaf etdiyini nəzərə alaraq beynəlxalq rəqabətdə mövqeyimizi gücləndirmək üçün daha sürətli və nəticəyönümlü hərəkət etməli olduğumuzu vurğuladı.

Rəşad Həsənov, işçi qrup tərəfindən növbəti ilin Fəaliyyət Planının hazırlanması prosesinə indidən başlanılmasını və aidiyyəti qurumlar tərəfindən real nəticələrə müsbət təsir göstərən tədbirlərin müəyyən edilməsinin vacibliyini bildirdi.

Komissiya Katibliyinin rəhbəri Vüsal Şıxəliyev “Qlobal İnnovasiya İndeksi - 2026” üzrə əldə edilmiş müsbət nəticə münasibətilə işçi qrupun üzvlərini təbrik edərək bu nailiyyətin aidiyyəti qurumların birgə və əlaqələndirilmiş fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb.

O, “Qlobal İnnovasiya İndeksi”nə daxil olan indikatorların müvafiq hissəsinin icrasının təmin edilməsinə “Texnologiya və innovasiyalar” işçi qrupunun cavabdeh olduğunu və işçi qrupun fəaliyyətinin bu istiqamətdə mühüm rolunun olduğunu qeyd etdi.

Vüsal Şıxəliyev, nəticələrin daha da yaxşılaşdırılması üçün zəruri addımların birgə müzakirə edilməsinin və 2027-ci il üzrə Fəaliyyət Planının qısa müddətdə hazırlanmasının vacibliyini vurğulayıb.

İclasda səsləndirilmiş fikirlər əsasında işçi qrup tərəfindən müvafiq təkliflər və qərarlar qəbul olunub.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçi qrupuna rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir (https://azranking.az/az/working-groups).