Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən davamlı iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyi və milli iqtisadiyyatın rəqabətqabiliyyətliyinin artırılması yolu ilə iqtisadiyyatda dayanıqlı və sürətli inkişafa nail olunmasına istiqamətlənmişdir.
Aparılan islahatların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamı ilə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya yaradılmış, 27 avqust 2018-ci il tarixli 431 nömrəli Prezident Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya haqqında Əsasnamə” təsdiq edilmişdir.
Komissiyanın yaradılmasında məqsəd sahibkarlıq fəaliyyətinin optimal gəlirliliyini təmin edəcək və rəqabət prinsiplərinə əsaslanacaq biznes mühiti yaratmaq, ölkənin investisiya cəlbediciliyini artırmaq, beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin görülməsinə nail olmaqdır.
Komissiyanın əsas vəzifələri biznes mühitinin və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yaxşılaşdırılmasını təmin edəcək məsələlərin həlli ilə bağlı proqram və layihələr hazırlamaq, onların hazırlanması və həyata keçirilməsi üçün yerli və xarici ekspertləri cəlb etmək, bu sahədə dövlət orqanları və qurumlarının fəaliyyətini əlaqələndirməkdir.
Komissiyanın tərkibi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Komissiyanın cari fəaliyyətinin təşkili Komissiyanın Katibliyi tərəfindən həyata keçirilir. Katibliyin üzvləri aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının müvafiq tələblərə cavab verən nümayəndələrindən ibarət olmaqla formalaşdırılmışdır.
Hazırda Komissiya çərçivəsində aidiyyəti dövlət orqanlarının və qurumlarının, publik hüquqi şəxslərin, qeyri-hökumət təşkilatlarının nümayəndələrindən, müəssisə və təşkilatların mütəxəssislərindən və müstəqil ekspertlərdən ibarət olmaqla ümumilikdə 25 işçi qrup, 2 əlaqələndirmə qrupu və spesifik sahələr (ekoloji təmiz və təhlükəsiz nəqliyyat, elmi potensial, ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsipləri və sərhəddə ticarət) üzrə 4 altqrup fəaliyyət göstərir.