"Effektiv idarəetmə və makroiqtisadi göstəricilər" işçi qrupunun növbəti iclası keçirilmişdir.

28 sentyabr 2021-ci il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər İşçi qrupunun növbəti iclası keçirilmişdir.

Pandemiya ilə əlaqədar olaraq onlayn “Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, həmçinin “Ekvita” şirkətinin və «İqtisadi Təşəbbüslərə Yardım» ictimai birliyinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2021-ci il üzrə Fəaliyyət Planı çərçivəsində ilin ilk 9 ayı ərzində görülmüş işlər müzakirə edilmiş, qarşıda qoyulan məqsədlərə nail olmaq üçün görülməli tədbirlər ətrafında fikir mübadiləsi aparılmışdır. Xüsusilə, Qlobal Rəqabətlilik hesabatı çərçivəsində qiymətləndirilən büdcə şəffaflığı, inflyasiya, habelə Qlobal İnnovasiyalar İndeksi və Leqatum Rifah İnstitutu tərəfindən təqdim olunan bir sıra göstəricilər üzrə ölkə mövqeyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində müvafiq beynəlxalq təşkilatlarla sıx əlaqələrin qurularaq dəqiq məlumatların onlara çatdırılmasının vacibliyi vurğulandı, müzakirə olunan məsələlərə dair işçi qrup tərəfindən təkliflərin hazırlanaraq Komissiyaya təqdim edilməsi qərara alındı.