"Elektrik təchizatı şəbəkələrinə qoşulma" işçi qrupunun növbəti iclası keçirilmişdir.

2021-ci ilin 29 sentyabr tarixində keçirilmiş iclasda işçi qrupun rəhbəri Samir Vəliyev Dünya Bankının rəhbərliyinin hesabatın nəşrinin dayandırılması qərarı barədə məlumat vermiş və buna baxmayaraq işçi qrupu tərəfindən cari il üçün təsdiq olunmuş Fəaliyyət Planına uyğun olaraq müvafiq sahədə işlərin bundan sonra da vaxtında və keyfiyyətlə icrasının davam etdirilməsinin zəruriliyini qeyd etmişdir.

Daha sonra çıxış üçün sözü alan Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirdi ki, “Doing Business” komandası tərəfindən sözügedən hesabatın 7 indikatoru üzrə ölkəmizdə aparılan islahatların 2019-cu ildə qəbul edilməsinə baxmayaraq daha sonra elan edilmiş rəsmi bəyanatda 3 indikator, o cümlədən elektrikə qoşulma üzrə islahatların sahibkarlar tərəfindən qəbul edilməməsi əsas gətirilərək reytinqlərin hesablanması zamanı nəzərə alınmamışdır. Bununla əlaqədar, tərəfimizdən ölkəmizə qarşı göstərilən qərəzli münasibətə etiraz bildirilmiş və müvafiq sahədə görülmüş real işlər və islahatlar barədə məlumatların qarşı tərəfə yenidən təqdim edilməsi təmin edilmişdir.

Hesabatın hazırlanması zamanı neqativ halların baş verməsi ehtimallarının araşdırılması məqsədilə Dünya Bankının rəhbərliyi tərəfindən 3-cü tərəf kimi hüquq şəxs bu işlərə cəlb edilmişdir. Bunun nəticəsində də “Doing Business” hesabatının dərc olunması 3 dəfə təxirə salınmış və ən nəhayət araşdırma nəticəsində üzə çıxan neqativ halları nəzərə alaraq cari ilin sentyabr ayında bundan sonra hesabatın nəşrinin dayandırılması elan olunmuşdur. Vüsal Şıxəliyev də öz növbəsində qeyd edilənlərə baxmayaraq işçi qrupu tərəfindən müvafiq sahədə islahatların davam etdirilməsi və sahibkarlarının işinin asanlaşdırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyini vurğuladı.

Bundan sonra iclasın gündəliyinə uyğun olaraq, işçi qrupun Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərlə bağlı görülmüş işlər barədə aidiyyəti qurumların məsul icraçıları tərəfindən təqdimat formatında məlumatlar verilmişdir.

Həmçinin, “Azərişıq” ASC tərəfindən təqdim edilmiş “Paylayıcı Şəbəkələr üzrə Enerji Təchizatının Keyfiyyət Göstəricilərinin Təyin Edilməsi Metodikası” adlı sənədin və bununla əlaqədar irəli sürülən təklifin müzakirəsi aparılmışdır.

Müzakirələr nəticəsində Energetika Nazirliyi, o cümlədən aidiyyəti qurumların mütəxəssislərinin təklifləri nəzərə alınmaqla sözügedən sənədin təkmilləşdirilməsi və illik elektrik enerjisi təchizatında fasilələrin azalması və texnoloji itkilərin minimuma endirilməsi məqsədilə görülə biləcək işlərlə bağlı texniki-iqtisadi əsaslandırmanın hazırlanması qərara alınmışdır.

İclasda elektrik təchizatı şəbəkələrinə üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının hazırlanması təklifi müzakirə edilmiş və “Azərişıq” ASC ilə Deloitte” şirkəti arasında bu sahədə sıx əməkdaşlığın qurulması barədə tövsiyələr verilmişdir.

Bundan əlavə, Vüsal Şıxəliyev tərəfindən işçi qrupun fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə özəl sektorun, eyni zamanda aidiyyəti dövlət qurumlarının nümayəndələrinin işçi qrupuna cəlb olunması məsələsinə baxılması təklif edilmişdir.

İclasa Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, “Deloitte” və “Ekvita” şirkətlərinin nümayəndələri qatılmışdır.