"Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun iclası keçirilmişdir.

28 sentyabr 2021-ci il tarixində video-konfrans formatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupuna üzv olan nümayəndələrin iştirakı ilə növbəti iclası keçirilmişdir. İclası İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov giriş sözü ilə açaraq üzvləri salamlamış və üçüncü rüb ərzində ölkəmizin ixrac-idxal əməliyyatlarının asanlaşdırılmıası, xarici ticarət qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər, hazırlanmış layihələr və əldə edilmiş nəticələr barədə məlumat vermişdir.

Daha sonra çıxış edən Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev bildirdi ki, “Doing Business” komandası tərəfindən sözügedən hesabatın 7 indikatoru üzrə ölkəmizdə aparılan islahatların 2019-cu ildə qəbul edilməsinə baxmayaraq daha sonra elan edilmiş rəsmi bəyanatda 3 indikator üzrə islahatların sahibkarlar tərəfindən qəbul edilməməsi əsas gətirilərək reytinqlərin hesablanması zamanı nəzərə alınmamışdır.

Hesabatın hazırlanması zamanı neqativ halların baş verməsi ehtimallarının araşdırılması məqsədilə Dünya Bankının rəhbərliyi tərəfindən 3-cü tərəf kimi hüquq şəxs araşdırmalara cəlb edilmişdir. Bunun nəticəsində də “Doing Business” hesabatının dərc olunması 3 dəfə təxirə salınmış və yekun araşdırma nəticəsində üzə çıxan neqativ halları nəzərə alaraq cari ilin sentyabr ayında bundan sonra hesabatın nəşrinin dayandırılması elan olunmuşdur. Vüsal Şıxəliyev də öz növbəsində qeyd edilənlərə baxmayaraq işçi qrupu tərəfindən müvafiq sahədə islahatların davam etdirilməsi və sahibkarlarının işinin asanlaşdırılması istiqamətində İşçi Qrupun səlahiyyətləri çərçivəsində işlərin davam etdirilməsinin vacibliyini vurğuladı və ticarətin asanlaşdırılması istiqamətində İşçi Qrupunun fəaliyyətinin bu istiqamətdə təqdirəlayiq olduğunu vurğuladı.

İşçi Qrupun rəhbəri Xəzər Bəşirov tərəfindən qeyd olunan istiqamətdə tədbirlərin davam etdiriləcəyini bildirmiş, həmçinin beynəlxalq qurumlar tərəfindən nəşr olunan və İşçi qrupun fəaliyyət istiqamətlərinə daxil olan indikatorlarda ölkəmizin hazırkı mövqeyi ilə bağlı iştirakçıları məlumatlandırmışdır.

Bundan sonra iclasın gündəliyinə uyğun olaraq 2021-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı İqtisadiyyat Nazirliyi, Dövlət

Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin təqdimatları dinlənilmiş, aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.

İclasın sonunda 2021-ci ilin təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulan müddəaların icrasının yekunlaşdırılması və hesabatların təqdim olunması, eyni zamanda İşçi Qrupun 2022-ci il üzrə fəaliyyət istiqamətlərinin müəyyən edilməsi və fəaliyyət planında daxil edilməsi məqsədilə aidiyyəti qurumlar tərəfindən təkliflərin hazırlanması ilə bağlı qərar qəbul edilmişdir.