"Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir

29 sentyabr 2020-ci il tarixində video-konfrans formatında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupuna üzv olan nümayəndələrin iştirakı ilə növbəti iclas keçirilmişdir. İşçi qrupun rəhbəri-İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov iclası giriş sözü ilə açaraq üzvləri salamlamış və ölkəmizdə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin yükəldilməsi məqsədilə yaradılmış Komissiyanın əhəmiyyətini iclas iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən 2020-ci ilin sentyabr ayında nəşr olunmuş Qlobal İnnovasiyalar İndeksi üzrə ölkəmizin mövqeyi, eləcə də İşçi qrupun fəaliyyət istiqamətlərinə daxil olan Tətbiq olunan ticarət tarifləri indikatoru barədə məlumat verilmişdir.

Bununla yanaşı, 2020-ci il üzrə təsdiq olunmuş Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti qurumlar tərəfindən icra vəziyyəti, koronavirus pandemiyası ilə əlaqədar qarşıya çıxan çətinliklər və onların həlli istiqamətində müzakirələr aparılmışdır. Həmçinin, xarici ticarət (idxal və ixrac) əməliyyatlarından istifadə edən subyektlərin ölkədə bu sahədə mövcud vəziyyətə dair fikirlərinin öyrənilməsi ilə bağlı hazırlanmış sorğu vərəqəsi əsasında respondentlər arasında  sorğunun keçirilməsi məsələləri müzakirə edilmişdir.

Eyni zamanda, İşçi qrupun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmış, Fəaliyyət Planına uyğun olaraq müəyyən edilmiş tapşırıqların vaxtında icra edilməsi və hesabatlılığın təmin olunmasının vacibliyi vurğulanmışdır.