“İnsan kapitalı” işçi qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının İnsan Kapitalı İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.

İclası açıq elan edən İnsan Kapitalı işçi qrupunun rəhbəri, nazir müavini İ.İsayev gündəlikdə duran məsələlər, elm və təhsil sahəsində həyata keçirilən struktur islahatları, baş verən yeniliklər, ümumi təhsil və peşə təhsili pilləsində adambaşına maliyyələşdirmə sisteminə keçidlə bağlı görülmüş işlər, ali, orta ixtisas və peşə təhsili müəssisələrinə qəbulla bağlı nəticələr, təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı yeniliklər və işçi qrupunun cari ilin ötən dövrü üzrə ümumi fəaliyyəti barədə çıxış etdi.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri V.Şıxəliyev Komissiyanın fəaliyyəti nəticəsində beynəlxalq reytinqlərdə Azərbaycanın mövqeyinin ötən illərlə müqayisədə irəliləməsi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yeni dərc olunan hesabatında Komissiyanın İnsan Kapitalı işçi qrupunun fəaliyyəti ilə əlaqəli indikatorlarında baş verən müsbət dəyişikliklər, əvvəlki hesabatlarda Azərbaycanla bağlı mövcud olmayan göstəricilərin artıq əks olunması barədə çıxış etdi.

İnsan Kapitalı işçi qrupunun katibi C.Hüseynli işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlər üzrə I yarimil ərzində görülmüş işlərlə bağlı təqdimatla çıxış edərək Fəaliyyət Planının icrası barədə ətraflı məlumat verdi. Bundan başqa, icraçı qurumlardan toplanan hesabatların təhlili və risklərin qiymətləndirilməsi zamanı qarşıya çıxan problemlər və müvafiq tədbirlər üzrə statistik məlumatları əks etdirən müvafiq məlumatları iclas iştirakçılarının nəzərinə çatdırdı.

Bundan əlavə, İşçi qrupun fəaliyyəti ilə bağlı cari məsələlər və qarşıda duran məsələlər müzakirə olunub.