“Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilmişdir

28 mart 2024-cü il tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçirilmişdir.

İclasda aidiyyəti dövlət qurumlarının iştirakı ilə işçi qrup tərəfindən 2023-cü il ərzində görülmüş işlər və ötən dövrün Yol xəritəsinin icra vəziyyətinə dair məlumatlar müzakirə edilmişdir. Həmçinin, Türk Dövlətləri Təşkilatının Ticarətin Asanlaşdırılması üzrə Strategiya sənədi ilə bağlı Azərbaycandan müvafiq əlaqələndirici qurum olaraq Beynəlxalq ticarət işçi qrupunun fəaliyyəti çərçivəsində 2023-cü il ərzində atılan addımlar iclas iştirakçılarının nəzərinə çatdırılmışdır.

Daha sonra Dünya Bankı Qrupunun “B-Ready” layihəsinin “Beynəlxalq ticarət” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsinin layihəsi müzakirə edilmiş, layihəyə daxil edilən bəndlər üzrə aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin rəy və təklifləri dinlənilmişdir.