Dekabrın 20-də Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
İşçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyevin sədrliyi ilə keçirilən iclasın gündəliyinin mövzuları haqqında məlumat verilib və videokonfrans açıq elan edilib. Komissiyasının Katibliyinin rəhbəri Vüsal Şıxəliyevin giriş nitqindən sonra gündəliyə uyğun olaraq İşçi qrupu üzvlərinin çıxışlar dinlənilib, müzakirələr aparılıb.
Elektrik təchizatı şəbəkəsinə (ETŞ) elektron qoşulmaların sayının artırılması ilə bağlı görülən işlərə və əldə edilən nəticələrə dair məlumat verilib. “E-sistem” istifadəçilərinin sayının daha da artırılması üçün planlar dəqiqləşdirilib.
ETŞ-yə qoşulma sahəsində aparılmış islahatlar barəsində sahibkarlıq subyektləri arasında 2022-ci ilin 3-cü rübündə keçirilən sorğunun nəticələri nəzərdən keçirilib, 2-ci rübün nəticələri ilə müqayisə aparılıb və bu sahədə təkmilləşdirmələrin edilməsi üçün atılacaq addımlar müəyyənləşdirilib.
Kiçik və orta biznes subyektlərinin ETŞ-yə qoşulması proseduruna dair “Cultivating New Frontiers in Agriculture” şirkətinin müraciəti və təklifləri nəzərdən keçirilib.
Eyni zamanda, iclasda Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Kommunal xidmətlərə (ETŞ-yə) qoşulma” indikatoru ilə bağlı 2022-2023-cü illər üzrə Yol Xəritəsində və İşçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti müzakirə edilib.
Aparılan müzakirələrin nəticəsi olaraq, “Azərişıq” ASC və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin birgə təşkilatçılığı ilə ETŞ-yə elektron qoşulmaların sayının artırılması məqsədilə bu sahədə sahibkarlar arasında təbliğ və təşviqin həyata keçirilməsi üzrə innovasiyaların tətbiqi və startapların inkişaf etdirilməsi üçün hakatonun keçirilməsi qərara alındı, eləcə də Yol Xəritəsi və Fəaliyyət Planının icrası ilə bağlı aidiyyəti üzrə hesabatların vaxtında təqdim edilməsi üçün zəruri tədbirlərin görülməsi barədə işçi qrupun üzvlərinə müvafiq tapşırıqlar verildi.
İclasda Energetika və İqtisadiyyat nazirlikləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC, “Azərişıq” ASC, “Azərenerji” ASC və işçi qrupuna üzv olan özəl şirkətlərin nümayəndələri iştirak ediblər.