“Fiziki infrastruktur” üzrə İşçi qrupun növbəti iclası keçirilib

Azərbaycan Respublikası Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur üzrə İşçi qrupunun növbəti iclası 26 sentyabr 2022-ci il tarixində video-konfrans formatında keçirilmişdir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, işçi qrupunun rəhbəri Rövşən Rüstəmovun sədrliyi ilə keçirilmiş iclasda İşçi qrupunun 2022-ci il üzrə Fəaliyyət Planında əks olunmuş tədbirlərin icrası ilə bağlı hesabatlar dinlənilmişdir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin nümayəndəsi tərəfindən müştərilərə sabit, etibarlı, proqnozlaşdırıla bilən və vaxtında xidmət göstərmək üçün Dəqiq Qrafikli Dəmir Yolu daşımalarını (PSR) istifadə etməklə yük qatarlarının təkmilləşdirilmiş hərəkət qrafikinin tətbiq edilməsi, eləc də respublikanın müxtəlif bölgələri arasında hərəkət əlaqəsinin və alternativlərin təmin edilməsi, hərəkət və yükdaşıma intensivliyinin yüksəldilməsi, daşıma xərclərinin azaldılması, dəmir yolu şəbəkəsinin sıxlıq və uzunluq göstəricilərinin artırılması istiqamətində aparılan işlər barədə məlumat verildi. Həmiçinin, dəmir yolu şəbəkəsinin genişləndirilməsi və infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Xaçmaz-Şahdağ və Füzuli-Şuşa yeni dəmiryolu xəttlərinin layihələndirildiyi və Bakı-Böyük Kəsik dəmiryol sahəsinin dəyişən cərəyanlı dartı sisteminə keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görüldüyü iclas iştirakçılarının diqqətinə çatdırıldı.

Bundan əlavə, “Azərişıq” ASC-nin nümayəndəsinin müvafiq şəbəkələrdə enerji təchizatının keyfiyyət göstəricilərinin təyin edilməsi metodikasının hazırlandığı və onun tətbiqinin monitorinqinin aparılması haqqında hesabatı dinlənildi.

İclasın sonunda “Azərenerji” ASC-nin nümayəndəsi tərəfindən yenidənqurma və təmir işləri nəticəsində elektrik stansiyalarının mövcud istehsal güclərinin bərpası istiqamətində davam etdirilən işlər barədə təqdimat edildi.