“Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir.

29.10.2021-ci il tarixdə saat 10:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq–Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “PricewaterhouseCoopers Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ekvita” şirkətləri və “KPMG Azərbaycan Limited”, “Azercell”, “Azerconnect”, “Agro Diary” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin nümayəndələri iştirak etmişlər.

İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin giriş nitqi ilə başlayan iclasda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Azranking.az” portalının təqdimatı keçirilmiş, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev tərəfindən portalın funksionallığı və mövcud platformaları barədə ətraflı məlumat verilmişdir.

İclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən “Özəl sektorda korporativ idarəetmə qaydalarının tətbiqi” mövzusu üzrə çıxışlar edilmiş, işçi qrupunun ötən iclasının protokolu ilə qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat verilmiş, eləcə də işçi qrupun yeni üzvləri olan özəl sektor nümayəndələrinin təqdimatı həyata keçirilmişdir.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin hazırlanmasına dair fikir mübadiləsi aparılmış, layihənin ötən illər üzrə fəaliyyət planlarının icrası zamanı əldə edilmiş təcrübə nəzərə alınmaqla müasir yanaşmaların tətbiqi ilə formalaşdırılmasının əhəmiyyəti qeyd edilmişdir.