“Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi” işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Müqavilələrin icrası, mübahisələrin həlli, müəssisənin bağlanması və müflisləşmə, məhkəmə sistemi və hüququn aliliyi işçi qrupunun 22.06.2022-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Onlayn platforma üzərindən təşkil edilən iclasda elektron hərracın keçirilməsi ilə bağlı Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış normativ hüquqi akt layihələrinin müzakirəsi İqtisadiyyat və Ədliyyə nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələrinin və İşçi qrupunun üzvlərinin iştirakı ilə müzakirəsi aparıldı. Layihələrdə Azərbaycan Respublikasının Mülki, Torpaq, Vergi, Mənzil məcəllələrində, həmçinin “İpoteka haqqında”, “Notariat haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “İcra haqqında” qanunlarında dəyişikliklər edilməsi, habelə Nazirlər Kabineti tərəfindən “Elektron hərracın keçirilməsi Qaydaları”nın təsdiq edilməsi nəzərdə tutulmuşdur.

İclas zamanı səsləndirilmiş fikirlər əsasında layihələrin təkmilləşdirilməsi və aidiyyəti üzrə göndərilməsi qərara alındı.