“Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun növbəti iclası keçirildi.

Cari ilin 15 dekabr tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun 2021-ci ilin yekunlarına həsr olunmuş onlayn iclası baş tutdu.

İclas çərçivəsində iştirakçılara “Bir pəncərə” elektron sisteminin ölkə üzrə tətbiqi və genişləndirilməsinə dair mövcud vəziyyət haqqında geniş məlumat verildi, portalın təkmilləşdirilməsi istiqamətində aparılan işlər və gələcək hədəflər ətrafında fikir mübadiləsi aparıldı.

Tikinti icraatında iştirak edən aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu iclasda cari ilin 11 ayı ərzində tikinti icraatı üzrə müraciətlərlə bağlı qurumların fəaliyyəti və 2021-ci il ərzində işçi qrupunun fəaliyyət planının icra vəziyyəti təhlil və müzakirə edildi.

Bununla yanaşı, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədrinin tapşırığına əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 82-ci maddəsinin tələblərinin təmin edilməsi vəziyyətinin araşdırılmasına dair hazırlanmış qanunvericilik təklifləri barədə məlumat verildi. İclasda cari ilin Fəaliyyət Planının yekun qiymətləndirilməsi və 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin müzakirəsi də təşkil edildi. Hazırlanmış qanunvericilik təkliflərinin detallı müzakirəsi məqsədilə növbəti həftə ərzində işçi qrupun növbədənkənar iclasının keçirilməsi barədə qərar qəbul edildi.