“Tikintiyə icazələrin verilməsi” işçi qrupunun növbəti iclası keçirilib.

26.08.2022-ci il tarixində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Tikintiyə icazələrin verilməsi” üzrə işçi qrupunun cari ilin yarımillik dövrü üzrə fəaliyyətinə həsr olunan hesabat xarakterli onlayn iclası keçirilmişdir.

İclasda İşçi qrupun 2022-ci il üzrə fəaliyət planı üzrə “Bir pəncərə” e-sisteminin funksionallığının təkmilləşdirilməsi, tikintiyə və istismara icazələrin verilməsi sahəsində xidmətlərin rəqəmsallaşdırılması, qeyd olunan sahələr və eləcə də tikintidə keyfiyyətə nəzarət üzrə qanunvericiliyin təkmilləşdirilməsi və həmin istiqamətlər üzrə aparılan islahatlarla bağlı kommunikasiya əlaqələrinin qurulması və məlumatlandırma işinin təşkili ilə bağlı cari ilin yanvar-iyul ayları ərzində aidiyyəti dövlət qurumları tərəfindən həyata keçirilmiş işlər müzakirə edildi.

Bundan əlavə, tikinti və istismara icazə prosesi üzrə müraciətlərin icra vəziyyəti mövcud vəziyyət barədə ətraflı məlumat verilməklə müvafiq statistik məlumatlar və təhlilləri əks etdirən təqdimatlar nümayiş etdirildi.

İclasda tikinti icraatı ilə əlaqəli xidmәtlәrin rәqәmsallaşdırılmasının vacibliyi qeyd edilərək “e-tikinti.gov.az” portalının yaradılması, tikinti və istismar üçün icazələrin və məlumatlandırma icraatı üzrə razılaşmaların yalnız elektron sistem vasitəsilə verilməsi tələbinin qanunvericilikdə təsbit edilməsi, ekspertizası tələb olunan və tələb olunmayan obyektlər, eləcə də məlumatlandırma icraatı üzrə müraciətlərin və icazələrin ümumi sayında “Bir pəncərə” e-sistemi vasitəsilə verilən icazələrin xüsusi çəkisinin artrılması, “Bir pəncərə” e-sistemi üzərindən edilən ödənişlərin Hökumət Ödəniş Portalı vasitəsilə icrasının təmin edilməsi”, Vətəndaşlara verilmiş elektron ünvan arayışları ilə bağlı məlumatların, habelə Daşınmaz əmlakın kadastrı və reyestrini aparan qurumun sözügedən  e-sistemə inteqrasiyası ilə bağlı əldə olunmuş nəticələr və qarşıda duran vəzifələr haqqında məlumat verildi.

Həyata keçiriləcək tədbirlərin vaxtında və koordinasiyalı şəkildə icrasında işçi qrup üzvlərinin rolunun əhəmiyyəti vurğulanaraq fəaliyyət planında nəzərdə tutulan maarifləndirici seminarların və proqramların təşkili ilə bağlı vəzifə bölgüsü aparıldı.

Həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin qabaqcıl təcrübəyə və şəhərsalma sahəsinin məqsədlərinə uyğun şəkildə təkmilləşdirilməsi və tətbiqi üçün tədbirlərin, habelə aidiyyəti dövlət qurumlarında tikintiyə və istismara icazələrin verilməsi ilə bağlı istifadə olunan mövcud sistemlərin qarşılıqlı effektiv fəaliyyətinin və məlumat mübadiləsinin təmin edilməsinə dair təkliflər səsləndirildi.