26 sentyabr 2023-cü il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun növbəti iclası keçirilmişdir.
Onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “Azercell”, “Azerconnect”, “NEQSOL” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər.
İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin sədrliyi ilə keçirilmiş iclasda ilkin olaraq işçi qrupun müvafiq “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr üzrə çıxışlar həyata keçirilmişdir.
İclasın davamında işçi qrupun 2023-cü il üzrə “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş müvafiq tədbirlərin icrası ilə bağlı həyata keçirilmiş diaqnostik tədbirlərə dair geniş təqdimat həyata keçirilmiş, habelə, özəl sektor subyektləri tərəfindən daxili uyğunluq siyasətinin tətbiqi ilə bağlı sahibkarlar üçün spesifik treninqlərin təşkil edilməsi və digər məsələlər ilə bağlı zəruri təkliflər irəli sürülmüşdür.