Elektrik təchizatı şəbəkələrinə qoşulma işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi qrupunun 2021-ci il 4 mart tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan işçi qrupunun rəhbəri, Energetika nazirinin müavini Samir Vəliyev işçi qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı müvafiq məlumatların verilməsi məqsədi ilə sözü icraçı qurumların nümayəndələrinə verdi.

Bununla əlaqədar, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi” MMC-nin direktoru vəzifəsini müvəqqəti icra edən Vüsal Rüstəmov Elektron Müraciətlərin İdarə Olunması Sisteminin (EMİOS) funksionallığının nəzərdən keçirilməsi məqsədilə aparılmış diaqnostika nəticələrinə uyğun olaraq sistemdə təkmilləşdirmələrin aparılması üçün müvafiq təklifləri özündə əks etdirən təqdimat etdi.

Daha sonra “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov tərəfindən Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərlə bağlı həyata keçirilmiş işlər barədə ümumi məlumat verildi. Həmçinin, səhmdar cəmiyyətin İnformasiya texnologiyaları departamentinin direktoru Qalib Həmidov diaqnostika nəticəsində müəyyən olunmuş nöqsanların aradan qaldırılması ilə bağlı EMİOS-da aparılmış təkmilləşdirmə işləri barədə təqdimat etdi. “Azərişıq” ASC-nin ASAN xidmətlə iş və elektron idarəetmə departamentinin direktoru Fərid Əmirov isə elektrik təchizatı şəbəkəsinə (ETŞ) qoşulma sahəsində görülmüş işlər barədə məlumatların verilməsi, eləcə də bu sahədə mövcud problemlər və təkmilləşmə imkanlarının müzakirəsi məqsədi ilə sahibkarlıq subyektləri, ictimai birliklər/biznes assosiasiyaları və hüquq/konsaltinq şirkətlərinin nümayəndələri ilə keçirilmiş görüşlər barədə məlumat verdi.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Kiçik və Orta Biznesin tənzimlənməsi və təşviqi departamentinin Kiçik və Orta Biznesin tənzimlənməsi şöbəsinin müdiri Emin Abdullayev isə Planda nəzərdə tutulan tapşırığa uyğun olaraq biznes subyektləri arasında sorğunun keçirilməsi ilə əlaqədar müvafiq işlərin həyata keçirildiyini bildirdi.

İclasda iştirak edən Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev Fəaliyyət Planının müvafiq bəndləri üzrə görülən işlərə və qarşıda duran vəzifələrə dair fikirlərini bildirdi.

İclasda EMİOS-un sahibkarlara yaratdığı üstünlüklər barədə təbliğatın genişləndirilməsi, eyni zamanda ETŞ-yə qoşulma ilə bağlı qanunvericiliyə edilə biləcək mümkün dəyişikliklər barədə təkliflərin hazırlanması və bununla əlaqədar işçi qrupunun növbəti iclasında təqdimatın edilməsi ilə bağlı qərar qəbul edildi.