Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 25.12.2020-ci il saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda “Doing Business” komandasının Azərbaycan hökumətinə təqdim etdiyi rəydə əks olunan aidiyyəti məsələlərin və bunları yaradan səbəblərin müzakirəsi; müvafiq elektron sistemlərin funksionallığı və ötən müddət üzrə statistika; “Doing Business” komandası ilə keçirilməsi nəzərdə tutulan video konfranslar üçün hazırlıq işlərinin görülməsi; 2020-ci ilin mart-aprel ayları ərzində müvafiq indikator üzrə göndərilən sorğu anketlərinin müzakirəsi və İşçi qrupun fəaliyyəti ilə bağlı növbəti iclasların gündəliyinin müəyyən olunmasına dair mövzular əhatə olunmuşdur.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək İşçi Qrupun növbəti il üzrə Fəaliyyət Planına daxil edilməsi qərara alınmışdır.

İclasa Komissiyanın Katibliyinin rəhbəri Cənab Vüsal Şıxəliyev, eləcə də, Mərkəzi Bankın, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Dövlət Neft Fondunun, Ədliyyə Nazirliyinin, Azərbaycan Mikromaliyyə Assosiasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Azərbaycan Fond Birjası İştirakçıları Assosiasiyasının, Azərbaycan Sığortaçılar Assosiasiyasının, “Paşa Bank” ASC-nin və “Yelo Bank” ASC-nin nümayəndələri qatılmışdır.