Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun növbəti iclası keçirilmişdir.

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun 29.10.2021-ci il saat 15:00-da “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.

Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planı, startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması imkanları, vençur və kraudfanding mexanizmlərinin hüquqi çərçivəsinin və onlara zəmanət mexanizmlərinin formalaşdırılması və xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması üzrə işlərin aparılmasına dair birgə müzakirələr aparılmışdır.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınmışdır.

İclasa Mərkəzi Bankın, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Azərbaycan Banklar Assosiasiyasının, İsveçrənin Azərbaycan Respublikası və Türkmənistandakı səfirliyinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin, “Access Bank” QSC-nin, “Parabokt” ASC-nin nümayəndələri qatılmışdır.