Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə müzakirələr aparılmışdır.

“Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupun 2022-ci il 13 yanvar tarixində ilk iclası keçirilmişdir.

Məlumat üçün qeyd edək ki, altqrup Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının sədri tərəfindən Komissiyanın “Texnologiya və innovasiya” üzrə İşçi qrupunun tərkibində 2021-ci il 30 dekabr tarixində yaradılmışdır (https://azranking.az/public/images/Texnologiya%20v%C9%99%20innovasiyalar-Alt%20qrup.pdf ). Altqrupa rəhbərlik “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxs tərəfindən həyata keçirilir. Məqsəd yerli elmi nəşrlərin beynəlxalq nüfuzlu jurnallarda yayımlanmasının təşviq ounması və dəstəklənməsi, mövcud nəşrlərin beynəlxalq standartların tələblərinə uyğun olaraq təkmilləşdirilməsinə xidmət edən tədbirlərin müəyyənləşdirilməsidir. Eyni zamanda, elmi jurnallar bazasının, “Asistent” məktəblərinin və yerli alimlər klubları platformasının yaradılması, alimlərimizin işlərinin platformaya yerləşdirilməsi sahəsində təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim olunması hədəf olaraq müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun rəhbərliyi ilə keçirilən altqrupun ilk görüşündə Komissiyanın Katibliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, ADA Universiteti, Dövlət İqtisad Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti və eyni zamanda ekspertlər iştirak etmişdir.

Görüş zamanı elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə mövcud vəziyyət, bu sahədə ölkəmizin mövqeyi təhlil edilmiş, perspektiv inkişaf imkanları müzakirə olunmuşdur. Elmi tədqiqat işlərinin stimullaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi, müvafiq sahə üzrə qanunvericilik aktlarına dəyişikliklərin edilməsi və digər istiqamətlər üzrə təkliflər səslənmişdir. Müvafiq beynəlxalq səviyyəli təşkilatlarla əməkdaşlığın vacibliyi vurğulanmışdır.

Görüşün yekununda, “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupa üzv olan müvafiq qurumlar tərəfindən əsaslandırılmış təkliflərin ən qısa müddətdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsinə və bu istiqamətdə müvafiq Yol Xəritəsinin hazırlanmasına dair qərar qəbul edilmişdir.