Xarici ticarət və ticarət tarifləri işçi qrupunun növbəti iclası keçirilmişdir

“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun 8 dekabr 2021-ci il tarixində video-konfrans formatında növbəti iclası keçirilmişdir.

İclası işçi qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini cənab Niyazi Səfərov giriş sözü ilə açaraq üzvləri salamlamış, hesabat dövrü ərzində ölkəmizdə xarici ticarət sahəsində əlverişli biznes mühitinin yaradılması ilə bağlı həyata keçirilmiş tədbirlər haqqında məlumat vermiş və bu tədbirlərin beynəlxalq indekslərdə ölkəmizin mövqeyinin daha da yüksəlməsinə səbəb olacağına ümid etdiyini bildirmişdir.

Daha sonra iclas gündəliyə uyğun olaraq, 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlər haqqında müzakirələr aparılmış, əvvəlki iclas Protokolunun qərarlar bölməsindəki tədbirlərin icra vəziyyəti ilə bağlı işçi qrupun üzvlərinin çıxışları dinlənilmiş, habelə 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilərək yekun layihənin Komissiyanın Katibliyinə təqdim edilməsi tövsiyə olunmuşdur.

İclasda aidiyyəti dövlət orqanlarının, ticarət və sənaye palatalarının və digər aidiyyəti qurum və şirkətlərin məsul şəxsləri iştirak etmişdir.