Biznes islahatları beynəlxalq qurumlara və QHT-lərə təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkədə aparılan biznes islahatlarının kommunikasiya prosesi davam edib. Bu dəfə beynəlxalq qurumlar və eləcə də qeyri hökumət təşkilatlarının nümayəndələri üçün xüsusi hazırlanan təqdimat zamanı dövlət satınalmaları, hüquqi şəxslərin dövlət qeydiyyatı, tikinti və elektron məhkəmə sahəsində aparılan iqtisadi islahatlar barədə məlumatlar verilib.

İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, ”Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə biznes mühitinin daha da təkmilləşdirilməsi, onun rəqabət qabiliyyətinin artırılması, eləcə də özəl sektorun fəaliyyətində dövlət xidmətlərinin əlçatanlığının və keyfiyyətinin artırılması, operativliyin və şəffaflığın təmin edilməsi məqsədi ilə 2018-ci ilin dekabr ayının sonunda əsaslı biznes islahatları həyata keçirilib”.

“Biznes İslahatları” mövzusunda keçirilən təqdimat zamanı dövlət satınalmaları üzrə qanunvericiliyə edilən son dəyişiklər iştirakçıların diqqətinə çatdırılmaqla, vahid internet portalının yaradılması, elektron satınalma modelinə keçid təmin edilməklə proseslərin sadələşdirilməsi, malgöndərənlərin şikayətlərinə baxılması müddətinin 20 bank günündən 10 bank gününə, qərarların elektron qaydada verilməsi ilə müddətin 3 bank günündən 1 bank gününədək azaldıldığı bildirilib. Bundan başqa, tikinti obyektinin tikintisinə və istismarına icazələrin verilməsi üzrə yeni Qaydanın tətbiq edilməsi nəticəsində “Bir Pəncərə” prinsipi əsasında icazələrin alınması ilə bağlı daha operativ və səmərəli imkanlar yaradılıb. Belə ki, ümumi prosedurların sayı 18 prosedurdan 7 prosedura, günlərin sayı isə 116 gündən 38 günə qədər azaldılması haqqında məlumat verilib.