26 may 2022-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “PricewaterhouseCoopers Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ekvita”, “NEQSOL”, “KPMG Azərbaycan Limited”, “Azercell”, “Azerconnect”, “Agro Diary” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər.
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyevin rəhbərliyi ilə keçirilən görüşdə işçi qrupun 2022-ci il üzrə “Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin daha operativ və kompleks şəkildə icrasının təmin edilməsi, “Fəaliyyət Planı”ndan irəli gələn müvafiq vəzifələrin müəyyənləşdirilməsi, habelə özəl sektorda şəffaflığın təmin olunması, korrupsiya risklərinin idarə edilməsi, maraqlar münaqişəsinin tənzimlənməsi və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Qarşılıqlı müzakirələr formatında keçən iclasın sonunda, işçi qrupun üzvləri tərəfindən “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin səmərəli icrasına dair müvafiq təkliflər irəli sürülmüşdür.