13 iyul 2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəhbərlik etdiyi “Tikintiyə icazələrin verilməsi” işçi qrupunun “Dünya Bankı tərəfindən təqdim olunan yeni “Business Ready” hesabatının müvafiq indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsinin və qiymətləndirmə nəticələrinə dair arayışın müzakirəsi” mövzusunda növbəti onlayn iclas keçirilib.
İclasda işçi qrupunun rəhbəri, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, “Azərsu” ASC-nin, “Azərişıq” ASC-nin, habelə digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
İclas zamanı Dünya Bankının “Business Ready” hesabatının “Tikintiyə icazələrin verilməsi” indikatoru üzrə cavablandırılmış sorğu vərəqəsi ilə qiymətləndirmə nəticələrinə dair hazırlanmış arayış işçi qrupunun üzvlərinə təqdim olunaraq ətraflı müzakirə olunmuş, qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.