İclasda biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün “İcra və Kommunikasiya Planı”nda sentyabr ayı üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib.
“Azərişıq” ASC-nin “Elektron Müraciətlərin İdarə Olunması Sistemi” (MİOS) vasitəsi ilə edilmiş müraciətlər üzrə statistik göstəricilər nəzərdən keçirilib, elektrik şəbəkəsinə qoşulma prosesinin həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb. Tədbirdə həmçinin işçi qrupunun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə ətraflı məlumat verilib.
İclasa Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, “Azərenerji” ASC, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Ekvita” şirkəti, “BM Morrison Partners” şirkəti və "Bakı Hüquq Mərkəzi" şirkətinin nümayəndələri qatılıb.