"Elektron məhkəmə" informasiya sistemində son dəyişikliklər üzrə mətbuat konfransı keçirildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində ölkə başçısı İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə 28 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində və “Məhkəmələr və hakimlər haqqında” Qanununda dəyişikliklər üzrə "Elektron Məhkəmə" informasiya sistemində mövcud yeniliklər ilə bağlı mətbuat konfransı keçirilib. İİTKM-in analitiki Nərmin Kazımlı Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın icrasına dair ümumi məlumatlar verib. Yaradılan işçi qruplarla görülən işlər barədə danışıb.

Daha sonra, məhkəmələrdə yaradılan elektron imkanlar barədə geniş təqdimatla Ədliyyə Nazirliyinin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun rəhbəri, hakim Ramin Qurbanov çıxış edib, , sistemin canlı olaraq nümayişi keçirilib. Bu dəyişikliklər sahibkarlıq subyektlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində ölkədə həyata keçirilən çoxsaylı qabaqcıl tədbirlərdən biridir. Dəyişikliklər nəticəsində iqtisadi məhkəmələrə tamamilə elektron qaydada müraciət imkanları təmin edilmiş və elektron forma ilə yanaşı, sənədlərin kağız formada tələb olunması aradan qaldırılıb. Dəyişikliklərlə həmçinin məhkəmə rüsumunun elektron ödənilməsi və bütün tərəflərin iştirak etdiyi işlərdə məhkəmə işləri ilə elektron qaydada tanış olma, hakim və sahibkar arasında münasibətlərin tamamilə elektron qaydada tənzimlənməsi təmin edilib. Hakim və sahibkar arasında kağızsız elektron qaydada yazışma, sənədlərin elektron qaydada təqdim edilməsi və alınması, bütün qərarların avtomatik elektron dərc olunması islahatlar nəticəsində əldə edilən nailiyyətlərdəndir.

 

Dəyişikliklər nəticəsində mülki işlər üzrə iddianın qiyməti 2000 manatdan, iqtisadi mübahisələr üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar üzrə işlərə sadələşdirilmiş qaydada baxılır. Sadələşdirilən icraatda ərizə məhkəməyə daxil olduqdan sonra 30 iş günü ərzində tərəflərin təqdim etdiyi sübutlar əsasında, tərəflər məhkəməyə çağırılmadan və məhkəmə baxışı keçirilmədən məhkəmə işin həllinə dair qərar çıxarmalıdır. Dəyişikliklərə əsasən təsadüfi və avtomatik şəkildə elektron qaydada bölüşdürülməsi və elektron qaydada yayılan məhkəmə qərarlarının anonimləşdirilməsi təmin edilib.

Konfrans zamanı bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı ilə məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi istiqamətində mütərəqqi və yeni bir mərhələyə başlandığını demək mümkündür. Fərman məhkəmələrlə bağlı neqativ halların aradan qaldırılmasını, məhkəməyə müraciət imkanlarının asanlaşdırılmasını, məhkəmə qərarlarının tam və vaxtında icrasını təmin edən tədbirlər görülməsini özündə əks etdirir.