“Fiziki infrastruktur” üzrə İşçi qrupun növbəti iclası keçirilib.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın Fiziki infrastruktur üzrə işçi qrupunun 29 oktyabr 2021-ci il tarixində video formatda növbəti iclası keçirilib.

İşçi qrupunun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov iclası açıq elan edərək müzakirə olunacaq məsələlərlə bağlı məlumat verib.

İclasda 2021-ci ilin 9 ayı ərzində Fəaliyyət Planının icrası ilə əlaqədar görülmüş işlər, icrası davam edən işlər üzrə cari vəziyyət, qarşıda duran vəzifələr və əvvəlki iclasda qəbul olunmuş qərarların icra vəziyyəti müzakirə olunub.

Fəaliyyət Planının icrası ilə bağlı “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin və “Azərsu” ASC-nin nümayəndələri təqdimatla çıxış edib.

Sonra, növbəti il üçün Fəaliyyət Planının hazırlanmasına dair qurumlar tərəfindən təqdim olunmuş təkliflər müzakirə edilib, Fəaliyyət Planı layihəsinə daxil edilməsi nəzərdə tutulan tədbirlərin daha konkret şəkildə və icra müddətləri dəqiq göstərilməklə verilməsi və bu istiqamətdə işlərin sürətləndirilməsi qərara alınmışdır.