23 dekabr 2021-ci il tarixdə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun “Zoom” onlayn platforması vasitəsilə növbəti iclası keçirilmişdir.
Qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma qaydasında təşkil edilən iclasda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Hesablama Palatası, “Şəffaflıq-Azərbaycan” Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi, “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyi, “PricewaterhouseCoopers Azerbaijan”, “Deloitte Azerbaijan”, “Ekvita”, “KPMG Azərbaycan Limited”, “Azercell”, “Azerconnect”, “Agro Diary” şirkətləri və digər qurumların nümayəndələri iştirak etmişlər.
İşçi qrupunun rəhbəri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Asəf Sarıkişiyev iclasın gündəliyinə uyğun olaraq, aidiyyəti qurumların nümayəndələri tərəfindən 2021-ci ilin Fəaliyyət Planına əsasən görülmüş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
İclasda iştirak edən digər dövlət qurumlarının əməkdaşları, vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri işçi qrupu tərəfindən görülmüş tədbirlərlə bağlı çıxış etmiş, işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planının hazırlanmasına dair fikir mübadiləsi aparılmış, layihənin müasir yanaşmaların tətbiqi ilə formalaşdırılması qeyd edilmiş və zəruri təkliflər irəli sürülmüşdür.