"Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı" işçi qrupunun dövlət sektoru, özəl sektor və biznes assosiasiyaları müstəvisində görüşü keçirilmişdir.

27 sentyabr 2019-cu il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun dövlət orqanları, özəl sektor və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə görüşü keçirilmişdir. Görüşdə  Komissiyanın funksional portalı olan azranking.az-ın yeni imkanları, həmçinin, Komissiyanın işçi qruplarının fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə əlçatanlılıq və şəffaflığın, eləcə də ictimai iştirakçılığın artırılması məqsədilə yaradılmış “Rəqəmsal təvqim”-dən istifadə qaydaları işçi qrupunun üzvlərinin diqqətinə çatdırılmışdır.

Bundan əlavə, biznes mühitinin yaxşılaşdırılması üçün kiçik və orta sahibkarların (KOS) vergi uçotuna alınması zamanı qarşılaşdığı çətinliklərin aradan qaldırılması, investisiya, vençur və pensiya fondlarının yaradılmasının əhəmiyyəti və imkanları, KOS-ların maliyyələşdirilməsinin digər alətləri barədə müzakirələr aparıldı. Müzakirələrin nəticəsində formalaşan təkliflərin növbəti görüşdə müzakirə edilərək layihə formasında Komissiyanın diqqətinə çatdırılacağı işçi qrupunun rəhbəri Tural Feyzullayev tərəfindən görüş iştirakçılarına bildirildi.

Produktiv keçən görüşün iştirakçıları bu tipli dövlət-özəl və vətəndaş cəmiyyəti dialoqlarının artırılmasının vacibliyini bildirdilər.