Onlayn Vahid İxrac Ərizəsi dövlət qurumlarının nümayəndələrinə təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Dünyada ilk dəfə olaraq Azərbaycanda təklif olunan onlayn vahid ixrac ərizəsinin dövlət qurumlarına təqdimatı həyata keçirilib. Tədbirin açılışı zamanı Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli bildirib ki, sahibkarların işini asanlaşdıran onlayn ixrac ərizəsi 4-cü sənaye inqilabı erasında Azərbaycanın dövlət sektorunda da texnoloji islahatların aparılması istiqamətində gedən işlərin önəmli tərkib hissəsidir. Onun sözlərinə görə, Azərbaycanda transsərhəd ticarətin genişləndirilməsi üçün sistemli iqtisadi islahatlar aparılır: “Xüsusilə xarici ticarət sahəsində tətbiq olunan yeni yanaşmalar beynəlxalq reytinqlərdə də mövqeyimizə müsbət təsir edib.

Tədbir zamanı Nicat Əsədli onlayn vahid ixrac ərizəsinin işləmə mexanizmi barədə iştirakçılara əyani olaraq məlumatları təqdim edib. O qeyd edib ki, onlayn vahid ixrac ərizəsinin tətbiqi vətəndaş-məmur təmasının minimuma endirilməsi, biznes mühitinin əlverişliliyinin artırılması, sərhədlərarası ticarətin aparılmasının sadələşdirilməsi sahibkarların xeyrinədir. Sahibkarlar Vahid İxrac Ərizəsini onlayn qaydada doldurulmaqla məhsullarını daha asan ixrac edə biləcək, ixrac prosesi çərçivəsində sərf olunan müddətin qısaldılmasına və çəkilən xərclərin minimuma endirilməsinə nail olacaqlar. Qeyd etmək lazımdır ki, İxracda tələb olunan icazələrin, ixrac gömrük bəyannaməsinin və ixrac təşviqinin vahid elektron ərizə əsasında verilməsi Prezident İlham Əliyevin “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanında nəzərdə tutulub. Yeni elektron xidmət, sahibkarların ixrac etdikləri məhsulları onlayn vahid ərizə əsasında müraciət etməklə ixrac üçün tələb olunan bütün icazə sənədlərinin (baytarlıq, fitosanitar, mənşə, qida təhlükəsizliyi, sərbəst satış sertifikatları və s.) əldə edilməsi, o cümlədən, elektron gömrük bəyannaməsinin doldurulması və ixrac təşviqi sənədinin alınmasını özündə birləşdirir. Vahid ixrac ərizəsinin doldurulması sistemi intellektual məntiqə əsaslanaraq qurulub. Yəni istifadəçi özü haqqında minimal məlumatları daxil edir. Sahibkar bu məlumatları yalnız bir dəfə daxil etməklə (məsələn: malın adı və ixrac ölkəsi) digər zəruri məlumatlar, o cümlədən idxal ölkəsi üçün tələb olunan sənədlər sistem tərəfindən avtomatik müəyyən edilir və ərizəçiyə təqdim edilir. Sonrakı mərhələdə ərizəçinin razılığı əsasında elektron vahid ixrac ərizəsi formalaşır və tələb olunan icazələrin alınması üçün sistem tərəfindən müəyyən edilmiş iştirakçılara (dövlət qurumlarına) ünvanlanır.

Onlayn vahid ixrac ərizəsi www.azexport.az portalı vasitəsi ilə fəaliyyət göstərir və bu linkdən - https://dth.azexport.az/az/ - istifadə oluna bilər.