“Rəqəmsal hökumətin inkişafı” İşçi qrupunun üçüncü rüb üzrə iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərkibində fəaliyyət göstərən “Rəqəmsal hökumətin inkişafı” İşçi qrupunun üçüncü rüb üzrə iclası keçirilib. İclasda 2025-ci il üzrə Fəaliyyət Planının icra vəziyyəti, 2026-cı il üçün hazırlanacaq yeni fəaliyyət istiqamətləri və BMT-nin Elektron Hökumətin İnkişafı İndeksi (EHİİ) üzrə növbəti hesabat dövrünə hazırlıq məsələləri müzakirə edilib.

İclası açıq elan edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini və İşçi qrupun sədri Samir Məmmədov Azərbaycanın 2024-cü il EHİİ hesabatında 9 pillə irəliləyərək 74-cü yerə yüksəldiyini qeyd edib və bu istiqamətdə davamlı fəaliyyətin vacibliyini vurğulayıb.

Daha sonra İşçi qrupun sədrinin müavini Şahin Əliyev işçi qrupun Fəaliyyət Planının icrasına dair təqdimatla çıxış edib. Şahin Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə bütün tədbir və alt-tədbirlər tamamlandığını, o cümlədən Süni İntellekt Strategiyası və Rəqəmsal İnkişaf Konsepsiyasının qəbul edildiyini bildirib. O, həmçinin “e-iştirak” platforması üzrə bütün texniki tapşırıqların icra olunduğunu, “Açıq Məlumatlar” platformasının yenilənərək EHİİ tələblərinə uyğunlaşdırıldığını və “mygov” platformasında bütün indikatorların təmin edildiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda EHİİ 2026 hesabatına hazırlıq istiqamətində qarşıdakı prioritetlər, məlumat əsaslı idarəetmənin gücləndirilməsi, vətəndaş iştirakçılığı alətlərinin genişləndirilməsi və rəqəmsal hökumətin davamlı inkişafını təmin edəcək tədbirlər ətrafında müzakirələr aparılıb.