Tikintiyə dair islahatlar sahibkarlara təqdim olundu

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə tikinti obyektlərinin tikintisi və istismarına icazələrin verilməsi üzrə aparılmış islahatların tikinti şirkətlərinə kommunikasiyası həyata keçirilib. Müzakirə zamanı bildirilib ki, yeni kompleks biznes islahatı tədbirlərinə uyğun olaraq biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın nəznində yaradılan və əlaqədar qurumların nümayəndələrinin təmsil olunduğu işçi qrupunun mütəmadi görüşləri də təşkil olunur. Eyni zamanda, aidiyyəti qurumların təlimləri həyata keçirilir.

Tikinti şirkətləri ilə görüş zamanı bildirilib ki, yeni qaydalara əsasən tikintiyə və tikinti obyektinin istismarına icazə ödənişsiz şəkildə aparılır, tikintiyə icazə alınması istiqamətində bütün aidiyyəti qurumlardan rəylər və texniki şərtlərin alınması tam olaraq sahibkarın iştirakı olmadan elektron qaydada həyata keçirilir. Eyni zamanda, tikintiyə və istismara icazənin əldə olunması üzrə sahibkarın keçməli olduğu tələb olunan prosedurların və günlərin sayı azaldılmaqla, sahibkarlar üçün daha operativ, şəffaf və səmərəli mühit formalaşdırılır.