"Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Xarici ticarət və ticarət tarifləri" üzrə İşçi qrupunun növbəti iclası 5 mart 2021-ci il tarixində video-konfrans formatında keçirilmişdir. İclası İşçi qrupun rəhbəri, İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov giriş sözü ilə açaraq üzvləri salamlamış və İşçi qrupun 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planında cari il ərzində icrası nəzərdə tutulan tədbirlər haqqında iştirakçılara geniş məlumat vermişdir.

İclasda iştirak edən Komissiyanın Katibliyinin rəhbəri cənab Vüsal Şıxəliyev İşçi qrupunun fəaliyyətinə uğurlar arzulamış, 2021-ci il üçün təsdiq edilmiş Fəaliyyət Planındakı tədbirlərin həyata keçirilməsinin ölkəmizin xarici ticarət sahəsində beynəlxalq reytinqlərdə mövqeyinin daha da yüksəlməsinə səbəb olacağına ümid etdiyini bildirmişdir.

Tədbirin gündəliyinə uyğun olaraq, İşçi qrupun 2021-ci il üçün Fəaliyyət Planının icrasından irəli gələn məsələlər və qarşıda duran vəzifələrlə bağlı əsas icraçı qurumlar olan İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri təqdimatla çıxış etmiş, daha sonra İşçi qrupda təmsil olunan aidiyyəti qurumların nümayəndələri ilə birlikdə müzakirələr aparılmış, müvafiq təkliflər verilmişdir.