“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.

Onlayn formatda təşkil olunmuş iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxaliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də İqtisadiyyat, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Energetika nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin və digər qurumların nümayəndələri iştirak ediblər.

İclasda İşçi Qrupunun 2025-ci ilin ötən dövrü üzrə fəaliyyət planının icrasına, eləcə də Qlobal İnnovasiya İndeksinin müvafiq indikatorları üzrə cari ildə görülmüş işlərə dair aidiyyəti qurumlar tərəfindən təqdimatlar keçirilib, həyata keçirilmiş tədbirlər və əldə olunan nəticələr barədə məlumat verilib. Qeyd olunub ki, 2025-ci ilin Fəaliyyət Planında müvafiq indikatorlar üzrə göstəricilərin reytinq hesabatlarında nəzərə alınması və həyata keçirilən islahatlar barədə biznes nümayəndələrinin, ictimaiyyətin məlumatlandırılması məsələlərinə xüsusi diqqət yetirilir. Bu çərçivədə görülmüş işlərin nəticəsi olaraq Qlobal İnnovasiya İndeksinin “Sahibkarlıq siyasəti və mədəniyyəti” alt-indikatoru üzrə Azərbaycan 139 ölkə arasında 2-ci yerdə qərarlaşıb.

Həmçinin iclasda cari məsələlərə, eləcə də qarşıda duran vəzifələrə, o cümlədən İşçi Qrupunun 2026-cı il üçün Fəaliyyət Planının formalaşdırılmsına dair fikir mübadiləsi aparılıb.