“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun 07 avqust 2025-ci il tarixində onlayn qaydada növbəti iclası keçirilmişdir.

İclasda işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planından irəli gələn tədbirlərə dair birinci yarımillik ərzində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim edilmiş və müzakirələr aparılmışdır. 

Fəaliyyət Planı üzrə icra müddəti cari ilin birinci yarımili ərzində başa çatmış tədbirlər, o cümlədən kiçik və orta sahibkarlıq subyektlərinin maarifləndirilməsi və maliyyələşdirilməsi, bank, sığorta və kapital bazarlarının inkişafı, maliyyə savadlılığının və inklüzivliyinin artırılması və digər mövzular üzrə aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırılmış, sözügedən mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, işçi qrupunun 22 may 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat müzakirə edilmişdir.

Mərkəzi Bankın və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin sədarəti ilə keçirilmiş iclasda İqtisadiyyat Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Ədliyyə Nazirliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyasının nümayəndələri və özəl sektorun işçi qrupunda təmsil olunan üzvləri iştirak etmişdir.