“Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun növbəti iclası keçirilmişdir

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı” işçi qrupunun 30 yanvar 2026-ci il tarixində onlayn qaydada növbəti iclası keçirilmişdir.

İlk öncə, İşçi qrupunun üzvləri Dünya Bankının “Business Ready 2025” hesabatının “Maliyyə xidmətləri” indikatoru üzrə qiymətləndirməsində Azərbaycanın 101 ölkə arasında 1-ci pillədə qərarlaşması ilə bağlı əldə edilmiş nailiyyət barədə məlumatlandırılmışdır.

İclasda işçi qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı təsdiq edilmiş 2025-ci il üzrə Yol Xəritəsi çərçivəsində hesabat ili ərzində görülmüş işlər barədə ətraflı məlumatlar təqdim edilmiş və müzakirələr aparılmışdır. 

Fəaliyyət Planında KOB subyektlərinin maliyyələşdirilməsi, sahibkarların maliyyə maarifləndirilməsi proqramlarının icrası, bank, sığorta və kapital bazarlarının inkişafı, startaplar üçün maliyyə əlçatanlığı, maliyyə sektoru üzrə tənzimlənmə çərçivəsinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, özəl sektora daxili kredit qoyuluşları, mikromaliyyə təşkilatları tərəfindən verilən kreditlər və digər aidiyyəti tədbirlər barədə görüş iştirakçıları məlumatlandırılmışdır. Habelə, Yol Xəritəsində biznes kreditləşməsi, təminatlı əqdlər və elektron ödənişlər üzrə tənzimləmə çərçivəsi, kredit büroları və yüklülük reyestrlərinin fəaliyyəti kimi mühüm tədbirlərin icra vəziyyəti müzakirə olunmuşdur. Həmçinin işçi qrupunun 23 oktyabr 2025-ci il tarixli iclasında qəbul edilmiş qərarların icra vəziyyətinə dair hesabat dinlənilmişdir. Eyni zamanda, iclasda işçi qrupunun 2026-cı il üzrə Fəaliyyət Planının və Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Maliyyə xidmətləri” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsinin ilkin layihələrinin təqdimatı edilmişdir. İclasda həm 2025-ci ilin hesabatları, həm də 2026-cı ilin müvafiq layihələri ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

Mərkəzi Bankın sədrliyi ilə keçirilmiş iclasda İqtisadiyyat Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Dövlət Vergi Xidmətinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Biznesin İnkişafı Fondunun, İpoteka və Kedit Zəmanət Fondunun, Aqrar Kredit və İnkişaf Agentliyinin, Azərbaycan Kredit Bürosunun, habelə Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası və Azərbaycan Kapital Bazarları Assosiasiyasının nümayəndələri iştirak etmişdir.