27 Oktyabr tarixində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” işçi qrupunun onlayn formatda iclası keçirilmişdir. İclasda işçi qrupun üzvü olan dövlət qurumlarının nümayəndələri iştirak etmişdir.
Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev açılış çıxışı edərək Qlobal İnnovasiya İndeksinin müzakirəsi məqsədilə təşkil edilmiş tematik iclaslar barədə məlumat verib və bu iclasda da konkret addımların müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Katibliyin rəhbəri qeyd edib ki, “Texnologiya və innovasiyalar” işçi qrupu Qlobal İnnovasiya İndeksində yer alan indikatorların təxminən yarısını əhatə edir. Məhz bu səbəbdən də ilin sonuna qədər həyata keçirilə biləcək tədbirlərə maksimum dərəcədə diqqətlə yanaşılmalıdır.
İşçi qrupun rəhbəri, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov həm nazirlik tərəfindən həyata keçirilən tədbirlər, həm Qlobal İnnovasiya İndeksində ölkənin mövqeyinin yaxşılaşdırılmasına dair Matrisaya edilmiş dəyişikliklər, həm də İndeksin hesabatında N/A kimi qiymətləndirilmiş indikatorlarla bağlı məsələləri qaldırıb. Sədr qeyd edib ki, Fəaliyyət Planının qısa müddət ərzində hazırlanması və işlərə başlanılması zəruridir.
Daha sonra, iclasın gündəliyinə uyğun olaraq, Qlobal İnnovasiya İndeksində ölkənin mövqeyinin daha da yaxşılaşdırılması üçün hazırlanmış Matrisanın yeni layihəsinin detalları, eyni zamanda elektron iştirakçılıqla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təklifləri müzakirə olunub. Verilmiş məlumatlar əsasında Komissiyanın Katibliyinin rəhbəri tərəfindən müvafiq təkliflər və qərarlar verilib.