24 aprel 2024-cü il tarixində saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər işçi qrupunun növbəti iclası keçirilmişdir.
“Webex” platforması üzərindən həyata keçirilən iclasda Azərbaycan Respublikası Mərkəzi Bankının, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Energetika Nazirliyinin və “Ekvita” şirkətinin təmsilçiləri iştirak etmişlər. İclasda işçi qrupunun 2023-cü il üzrə fəaliyyət planının yekunları və ilin 1-ci rübündə görülmüş işlər müzakirə edilmiş, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, dövlət tənzimlənməsi yükü, borc dinamikası, monetar azadlıq, qlobal İnnovasiyalar İndeksi habelə təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olmuşdur.
Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində fəaliyyətlərin icra edilməsi, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və təbii resursların effektiv idarə edilməsi barədə tədbirlərin icra edilməsi çərçivəsində növbəti rüb ərzində işlərin dahada effektiv idarəedilməsi qərarı alınmışdır. Habelə “Büdcə şəffaflığı” indikatoru üzrə görüləcək işlərin effektivliyinin artırılması istiqamətində təkliflər müəyyən edilmişdir və müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınmışdır.