22 may 2026-cı il tarixdə Ədliyyə Nazirliyinin inzibati binasında sahibkarlıq subyektləri ilə görüş keçirilib.
Görüş çərçivəsində “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun rəhbəri, ədliyyə nazirinin müavini Toğrul Hüseynov və nazirliyin İşçi Qrupun üzvü olan digər rəhbər vəzifəli şəxsləri tərəfindən sahibkarlar qəbul edilərək onların qarşılaşdıqları çətinliklər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və müvafiq sahədə qanunvericiliyin müddəaları onların diqqətinə çatdırılıb.
Görüşdə, həmçinin Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Mübahisələrin həlli” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2026-cı il üzrə Yol Xəritəsi” çərçivəsində İşçi Qrup tərəfindən görülmüş işlər barədə sahibkarlara məlumat verilib.
Bildirilib ki, “Mübahisələrin həlli, məhkəmə sistemi və hüququn aliliyi” İşçi Qrupunun əsas məqsədi öz fəaliyyət istiqamətlərinə uyğun olaraq biznesin təşviqinə şərati yaradan bütün aspektlərin inkişaf etdirilməsi, maneələrin aradan qaldırılması, mübahisələrin həlli mexanizmlərinin təkmilləşdirilməsi və onların əlçatanlığının təmin edilməsidir.
Qeyd olunub ki, mübahisələrin həlli, məhkəmələrin və digər orqanların qərarlarının daha operativ və effektiv icrası istiqamətində mühüm islahatlar həyata keçirilir. Bu çərçivədə bildirilib ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesi tam rəqəmsallaşıb və artıq “Elektron Hərrac Portalı” vasitəsilə həyata keçirilir.
Görüşdə ölkəmizdə məhkəmə qərarlarının icrasının daha çevik, səmərəli və müasir standartlara uyğun təşkili məqsədilə xüsusi icra məmurları institutunun yaradılması istiqamətində görülən tədbirlərdən də bəhs olunub. Bu məqsədlə “Xüsusi icra məmurları haqqında” Qanunun və bundan irəli gələn digər zəruri hüquqi aktların qəbul edildiyi diqqətə çatdırılıb. Qanuna əsasən icra sisteminin qarışıq model üzrə fəaliyyəti nəzərdə tutulur. Yeni model çərçivəsində məhkəmə və digər orqanların qərarlarının icrasının həm dövlət, həm də xüsusi icra məmurları tərəfindən həyata keçirilməsi mümkün olacaq.
Sonda sahibkarların qarşıya qoyulmuş hədəflərin icrasına göstərdikləri effektiv dəstək yüksək qiymətləndirilib və onlara təşəkkür edilib.