"Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət" istiqaməti üzrə İşçi qrupunun iclası

9 oktyabr 2019-cu il tarixində İqtisadiyyat Nazirliyində Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət İşçi qrupunun dövlət orqanları, ictimai birlik və biznes assosiasiyalarının nümayəndələrinin iştirakı ilə növbəti iclası keçirilmişdir. İclasda Komissiyanın cari ilin aprel ayında təqdimatı keçirilmiş “azranking.az” portalı, onun yeni imkanları, həmçinin, Komissiyanın işçi qruplarının fəaliyyətinin səmərəliliyinin daha da yüksəldilməsi, bu sahədə əlçatanlılıq və şəffaflığın, eləcə də ictimai iştirakçılığın artırılması məqsədilə yaradılmış “Rəqəmsal təvqim” haqqında İşçi qrupunun üzvlərinə və digər iclas iştirakçılarına ətraflı məlumat verilmişdir.

Bundan əlavə, cari dövrədək İşçi qrupu tərəfindən görülən işlər, İşçi qrupa həvalə edilmiş beynəlxalq hesabatların müvafiq alt indikatorları üzrə ölkəmizin mövqeyi, “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanunlarının, həmçinin “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası qanununun layihələrinin geniş müzakirəsi aparılmışdır. Eyni zamanda, İşçi qrupun növbəti iclasında müzakirə ediləcək məsələlərə dair fikir mübadiləsi aparılmışdır.