Hesabat barədə qısa məlumat

Hesabat barədə qısa məlumat

İqtisadi Azadlıq İndeksi hesabatı Heritage Fondu tərəfindən illik əsasda yayımlanan və dünya ölkələrinin iqtisadi azadlıq səviyyəsini qiymətləndirən hesabatdır. İndeks 1995-ci ildə Heritage Fondu və “Wall Street” jurnalı tərəfindən yaradılmışdır və bu zaman Adam Smitin Millətlərin sərvəti əsərindəki “fərdlərin öz iqtisadi maraqlarını izləmək azadlığını təmin edən əsas institutların  mövcudluğu bütövlükdə cəmiyyət üçün daha böyük inkişafa səbəb olur” fikri əsas götürülmüşdür.

Hesabatın 2018-ci il üzrə buraxılışında cəmi 186 ölkə üzrə iqtisadi azadlığın mülkiyyət hüquqlarından maliyyə azadlığınadək 12 aspekti 4 kateqoriyada qiymətləndirilmişdir. Bu kateqoriyalar dövlətin adətən nəzarət həyata keçirdiyi iqtisadi mühit elementlərinin 4 müxtəlif sahəsini əhatə edir:

  • Qanunun aliliyi;
  • Dövlətin ölçüsü;
  • Tənzimləmənin səmərəliliyi;
  • Bazarın açıqlığı.

Bu kateqoriyaların hər birinə 3 komponent daxildir. Komponentlərin hər biri 0-100 bal intervalında qiymətləndirilir. Daha sonra bu komponentlərə bərabər çəki verilməklə orta qiymət tapılır və beləliklə ölkə üzrə İqtisadi Azadlıq İndeksi əldə olunur. İqtisadi Azadlıq İndeksi də 0-100 ballıq şkalada qiymətləndirilir və “0” qiyməti “heç bir iqtisadi azadlıq yoxdur”, “100” qiyməti isə “tam iqtisadi azadlıq var” mənasını verir.