Hesabat barədə qısa məlumat

Doing Business Hesabatı

 

Dünya Bankı tərəfindən hazırlanan “Doing Business” Hesabatı illik əsasda yayımlanır və hər il 31 oktyabr tarixində dərc olunur. İlk dəfə 2002-ci ildən hazırlanmağa başlanmış və ilk hesabat 2003-cü ildə dərc edilmişdir. “Doing Business”-in ilk hesabatında 133 ölkə, 2017, 2018 və 2019-cu illərdə isə 190 ölkə qiymətləndirilmişdir.

 

“Doing Business” müxtəlif ölkələrdə biznesin tənzimlənmə mühitini müəyyən zaman kəsiyində müqayisə etmək məqsədi ilə hərtərəfli məlumatlar toplayıb təhlil edərək ölkələri daha effektiv tənzimləmə istiqamətində rəqabətə təşviq edir. Bundan əlavə, islahatlar üçün ölçülə bilən meyarlar təklif edir, həmçinin, alimlər, özəl sektor nümayəndələri, jurnalistlər və bizneslə maraqlanan digər şəxslər üçün məlumat qaynağı rolunu oynayır.

 

Hesabatın əsas məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsi və onun yeni təsərrüfat subyektlərinin yaradılmasına və biznes əməliyyatlarının aparılmasına olan təsirlərinin ölçülməsidir. “Doing Business” hesabatında biznes mühiti, biznes proseslərinin səmərəliliyi və effektivliyi 11 indikator və 45 alt-indikatordan istifadə edərək qiymətləndirilir. Hesabatda əks olunan 10 indikator birgə Biznesin aparılmasının asanlığı indeksini formalaşdırır. Burada əmək bazarının səmərəliliyi və dövlət satınalmaları indikatoru ümumi reytinqin hesablanmasında nəzərə alınmır.

 

“Doing Business”-in qeydə alınma prosesi qanunvericiliyin təkmilləşdirilməsi, praktiki icra və sahibkarların istifadəsi nəticəsində müsbət rəyin verilməsi mərhələləri olaraq ardıcıl şəkildə həyata keçirilir. Belə ki, hesabatın hazırlanması zamanı 4 əsas informasiya mənbəyi: müvafiq qanunlar və qanunvericilik aktları, respondentlərlə − sahibkarlarla aparılmış sorğuların nəticələri, ölkənin hökuməti və Dünya Bankının regional əməkdaşları tərəfindən verilən məlumatlardan istifadə edilir.